Kateqoriyalar
Linklər
Syndicate
RSS 2.0
Atom 0.3
Powered by

Beynəlxalq təhlükəsizlik sistemi: anlayışı, mahiyyəti və subyektləri.

2008-06-29 @ 08:31 in Məqalələr

       Ən geniş mənada təhlükəsizlik - ən vacib dəyərlərə qarşı yönəlmiş təhlükədən müdafiə deməkdir. Çox vaxt təhlükəsizlik anlayışı tərif edilərkən məhz müdafiə -vasitə, vəsait və təşkilat tədbirləri, institut, əməkdaşlarla sazişlərin mövcudluğu vurğulanır. Lakin müdafiənin təmin edilməsi bütövlükdə götürülmüş kompleksi təhlükənin xarakter və miqyası ilə müəyyənləşdirilir.Bu səbəbdən "təhlükəsizlik" anlayışı bir-birindən ayrlmaz olan "təhlükələr-onlardan müdafiə" cütlüyünü birləşdirir.

Təhlükəsizlik - mümkün zərələrdən müdafiə olunma imkanları, ziyanlı təsirlərin qarşısının alınması, həmçinin kompensassiya olunması imkanlarının məcmusudur.
Təhlükə ilə üzləşib müdafiəyə ehtiyacı olan obyektdən asılı olaraq, söhbət individual formada "insanın təhlükəsizliyi", "bir qrup insanın təhlükəsizliyi" (məsələn, etnik qruplar), "cəmiyyətin təhlükəsizliyi", dövlətlərin "milli təhlükəsizliyi", bir qrup dövlətin "regional təhlükəsizliyi" və ya "kollektiv təhlükəsizlik" (bu dövlətlər bir regiona daxil ola və ya hansısa birliyə üzv ola bilər) və nəhayət, dünya birliyinin "qlobal təhlükəsizliyi" haqqında gedə bilər.
İndi bir sıra alimlər təhlükəsizlik anlayışının genişləndirilməsinin, yəni insanların həyat fəaliyyətinin hərbi, iqtisadi, mədəni, ekoloji və digər tərəflərinin kompleks şəklində öyrənilməsi və tədqiq edilməsinin tərəfdarı kimi çıxış edir. Söhbət təhlükəsizliyin geniş təfsirindən gedir. Bununla belə nəzərə almaq lazımdır ki, bu sahələrin bir-biri ilə sıx əlaqə təşkil etməsi ilə yanaşı onların hər biri təhlükə xarakterindən, onlara müqavimət instrumentlərindən və digər sahələrdəki qanunauyğunluqlardan fərqlənən özünəməxsus təhlükə formaları, onlara göstərilən müqavimət vasitələri, təhlükə və ondan müdafiə vasitələri arasındakı qarşıdurmanın özünəməxsus məntiqinə malikdir. Məsələn, regional və qlobal böhranların qarşısının alınması məqsədilə qlobal ətraf mühitin qorunması və ya maliyyə axınlarına nəzarət, hərbi təcavüzə, qlobal terrorizmə, kütləvi qırğın silahlarının yayılmasına müqavimət problemlərinin həllindən fərqlənir. Dövlətlər arasında gedən iqtisadi rəqabətin məntiqi qızğın silahlanma məntiqindən fərqlidir.
Növlərinə və səviyyəsinə görə təhlükəsizliyin bir neçə növü vardır. Bunların arasında siyasi, iqtisadi, hərbi, ekoloji, mədəni təhlükəsizliyi və s. göstərmək olar.
Siyasi təhlükəsizlik dedikdə şəxsiyyət, cəmiyyət, millət və dövlətin maraqlarının xarici və daxili təhlükələrdən qorunması nəzərdə tutulur. Bunu təmin etmək uçün diplomatik, hərbi-siyasi, iqtisadi, ekoliji və digər məqsədəuyğun tədbirlər həyata keçirilməlidir.
İqtisadi təhlükəsizlik dövlətlərin insan orqanizmi üçün təhlükəli olan ərzaq məhsullarının, narkotik maddələrin və s.-nin ölkəyə daxil olmasının qarşısının alınması, eyni zamanda gömrük məntəqələrində iqtisadi nəzarətin yaradılması, xarici ölkələrin ticarət statusunun müəyyən edilməsi, valyuta nəzarəti və idxal-ixracat üzərində nəzarətin yaradılmasını və s.-ni əhatə edir. Fransız politoloqu A.Bofrun və Q.Butinin fikrinə görə iqtisadi üstünlük dövlətin təhükəsizliyinin başlıca amilidir.
Ekoloji təhlükəsizlik ətraf mühitə nəzarət (təbii resurslar, su, atmasfer, torpaq, bitki və heyvan aləmi) və ekoloji böhran və faciələrin baş verməsinin qarşısını almaq üçün tədbirlərin hazırlanmasını özündə ehtiva edir. Ekoloji təhlükəsizliyin əsas şərtlərini aşağıdakı kimi vermək olar:
- təbii mühitin mühafizə edilməsi və yaxşılaşdırılması;
- təbii ehtiyatlardan səmərəli istifadə olunması;
- təbii mühitin sağlam şəraitdə gələcək nəsilə verilməsi.
İnformasiya təhlükəsizliyi: XXI əsr informasiya əsri kimi sosial-siyasi proseslərə güclü təsir edir. Müasir dövdə informasiya cəmiyyətin və insan fəaliyyətinin bütün sahələrini, o cümlədən milli təhlükəsizlik strategiyasının həyata keçməsini əhatə edir. Əhalinin düzgün informasiya alması təhlükəsizliyin mühüm amillərində biridir. İnformasiya cəmiyyət və dövlət, dövlətlərarası, insanlararası münasibətləri tənzim edir. İnformasiya vasitəsilə insanlar qlobal və regional prosesləri dərk edir. İnformasiya gərgin zehni əmak, işgüzarlıq, həyat təzində intizamlılıq yaradır. Güclü informasiya sistemi yaradan dövlət özünün milli təhlükəsizliyini təmin edir. İnformasiyaya yiyələnə bilməyən dövlət dünyanın siyasi və iqtisadi proseslərindən geri qalır. İnformasiya cəmiyyət üzvlərinin siyasi mədəniyyətini və intellektual səviyyəsini yüksəldir. İnformasiyada üstün olan dövlət xarici siyasətdə, beynəlxalq münasibətlərdə üstünlüyə malikdir. Güclü informasiya kəşfiyyat xarakterli məlumatları əldə etməyə və ölkənin təhlükəsizliyini təmin etməyə imkan verir.
Demoqrafik təhlükəsizlik: Demoqrafiyada baş verən mənfi proseslərin əsas səbəbi: - sosial-iqtisadi böhran, işsizlik, həyat səviyyəsinin aşağı olması, qaçqınlıq, ərzaq məhsullarının keyfiyyətinin aşağı olması, ekoloji tarazlığın pozulması miqrasiya proseslərinin tənzim edilməsindən irəli gəlir. Demoqrafik təhlükəsizlik də məhz bu mənfi proseslərin, məlum təhlükələrin qarşısının alınması yollarını nəzərdə tutur.
Bəşəriyyət tarixinin bütün dövrlərində bu gün "beynəxalq təhlükəsizlik" rubrikası altında birləşdirilmiş məsələlərin müzakirəsi zamanı "müharibə" və "sülh" terminlərindən istifadə olunurdu. Müharibə bəşəriyyətin, insanların həyatının qaçılmaz bir hissəsi kimi, çox vaxt pislik, lakin qaçılmaz pislik kimi qiymətləndirilirdi. Təhlükəsizlik termini Birinci Dünya müharibəsindən sonra geniş şəkildə istifadə edidi. O zaman ilk dəfə olaraq, müharibələrin son dərəcə dağıdıcı olması səbəbindən beynəlxalq səylərin müharibələrin qarşısının alınmasına, yəni onlara qarşı təhlükəsizliyin təmin edilməsinə xidmət edən məsələlərə dair geniş beynəlxalq konsensus formalaşmışdı. Bu termindən Millətlər Liqasının sənədlərində, məsələn Avropada kollektiv təhlükəsizlik konsepsiyasının işlənib hazırlanması ilə əlaqədar istifadə olunmağa başlandı. Bu tərəfdən o, ənənəvi olan sülh və müharibənin olmaması terminlərinin sinonimi kimi işlənirdi. Digər tərəfdən isə sülhün qorunmasına xidmət edən, müharibəyə gətirib çıxara bilən şəraitlərin qarşısın alan sazişlərin imzalanmasından, prinsiplərin institut və prosedurların yaradılmasından ibarət olan geniş bir sahəni əhatə edir, başqa sözlə desək, müharibənin qarşısını alan profilaktik tədbirlərdən ibarət idi.
Daha dağıdıcı olan İkinci Dünya müharibəsindən sonra bu məsələ daha da aktual oldu. Ən ümumi şəkildə beynəlxalq təhlükəsizliyin müasir izahı BMT-nin yaradılması zamanı, təşkilatın Nizamnaməsinin birinci fəslində tərtib edilmişdi. Onun başlıca məqsədi belə müəyyənləşdirilir:
- Beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və bu məqsədlə sülhün təmin edilməsi işində yaranan təhlükənin qarşısını almaq və onu ləğv etmək, təcavüz aktlarını yatırtmaq üçün səmərəli kollektiv tədbirlər keçirtmək. ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq sülh vasitələrilə beynəlxalq münaqişələrin və sülhün pozulmasına gətirib çıxara bilən halların həll edilməsi və ya yoluna qoyulması.
"Təhlükəsizlik" anlayışı 1940-cı illərin sonu - 1950 - ci illərin əvvəlində geniş yayılmışdır. Soyuq müharibə şəraitində, xüsusilə yeni nüvə məkanında hərbi qarşıdurmanın beynəlxalq münasibətlərin başlıca sahəsinə çevrildiyi bir dövrdə bu termindən silahlara nəzarət, strategiya və texnologiyalara dair aparılan hərbi-mülki tədqiqatlar sahəsinin göstərilməsi və ifadə olunması üçün istifadə edilməyə başlandı.
Beynəlxalq təlükəsizliyə dair kurslar, universitet proqramları ayrılmaz hisəsinə çevrilmiş, bu tematika isə sürətlə artan elmi-tədqiqat mərkəzlərində aparılan araşdırmaların mərkəzi predmetini təşkil etmişdi. "Təhlükəsizlik" məfhumu daha bir sahəni əhatə edirdi. Bu soyuq müharibə illərində hərbi-siyasi qarşıdurma şəraitində dövlət və cəmiyyətin hərbi, iqtisadi, ideoloji və digər resursların səfərbər edilməsinə yönəlmiş fəaliyyət idi. 1947-ci ildə qəbul edilmiş "Milli təhlükəsizlik qanunu"na əsasən bu məqsədlə ABŞ-da dövlət hakimiyyəti orqanlarının radikal islahatı keçirildi. Adıçəkilən qanuna müvafiq olaraq, müdafiə nazirliyi, Mərkəzi kəşfiyyat idarəsi, maddi və insan resurslarının səfərbər edilməsi üzrə idarə və Baş hərbi-siyasi orqan olan Milli Təhlükəsizlik Şurası yaradıldı. İndiki dövrdə beynəlxalq və milli təhlükəsizlik sahəsi hər bir dövlətin mərkəzi fəaliyyət sahəsi, daxili-siyasi mübarizə, vətəndaş cəmiyyətinin diqqəti, elmi araşdırmalar predmetidir. Bu isə, öz növbəsində, təkcə mütəxəssislər tərəfindən deyil, geniş vətəndaş kütləsi tərəfindən də milli və beynəlxalq təhlükəsizlik məsələlərinə düşünülmüş yanaşma göstərməklərini tələb edir. Məhz bu səbəblərdən beynəlxalq və mili təhlükəsizlik problemləri təhsil institutları proqramlarının, mütəxəssislərin və geniş oxucu kütləsinə ünvanlanmış nəşrlərin bir hissəsinə çevrilir.
Soyuq müharibədən beynəlxalq təhlükəsizliyin yeni mərhələsinə keçid prosesi də istisna deyil. Bəşəriyyət nəzərlərini "arxa görüntülü güzgüdən" çəkməyərək, özlərinə gələcək beynəlxalq təhlükəsizlik sistemini soyuq müharibənin antitezası kimi, soyuq müharibənin təkrarlanmayacağını təmin edən şərt kimi təsəvvür edərək soyuq müharibədən uzaqlaşırdı.
XXI əsrin əvvəllərində soyuq müharibədən uzaqlaşan dövlətlər qarşısında yeni təhlükələr baş qaldırmayana kimi belə davam edirdi. Bu zaman dərk edildi ki, beynəlxalq təhlükəsizlik sahəsində dərin "tektonik" miqyaslı hərəkətlər baş verir, onun təmin edilməsi isə yeni maddi-texniki baza, yeni hərbi-siyasi instrumentlər və beynəlxalq hüquqi-təşkilat strukturunun olmasını tələb edir.
Beynəlxalq təhlükəsizliyin bugünkü vəziyyəti "soyuq müharibədən sonrakı təhlükəsizlik" kimi müəyyənləşdirilir. Bu fikir aşkar olan bir faktı vurğulayır - indiki beynəlxalq təhlükəsizlik soyuq müharibə illərində fəaliyyət göstərdiyi qanunlardan fərqli qanunlar əsasında inkişaf edir. Lakin o, başlıca suala cavab vermir: əvvəlki mərhələdə fəaliyyət göstərən təhlükəsizliyi əvəz edən beynəlxalq təhlükəsizlik sistemi hansı qanunauyğunluqlar əsasında inkişaf edir? Yaranmaqda olan yeni beynəlxalq münasibətlərin xüsusiyyətlərinin dərk edilməsi üçün indiki vəziyyət genezisinin kompleks şəkildə öyrənilməsi, onun miqyaslı və uzunmüddətli proseslərinin aydınlaşdırılması, vacib problemlərin əsas iştirakçıların maraqlarına uyğunluqlarının və konfliktlərinin aydınlaşdırılması vacibdir.
Müasir dövrdə həm də təhlükə mənbələri adı altında bir anlayış da nəzərə çarpır. Təhlükə mənbələri - özündə müəyyən vaxtda və şəraitdə ziyanlı xüsusiyyətlər ehtiva edən faktorların və şərtlərin məcmusudur. Mənşəyinə görə təhlükə mənbələri təbii, texnoloji və sosial ola bilər. Mənfi təsirin ehtimal dərəcəsinə görə real və potensial təhlükə mənbələri vardır. Subyektiv faktor və ünvanlı istiqamətlənmədən asılı olaraq sərfəli olmayan şərtlərin yaranmasında adətən aşağıdakı anlayışlar qeyd edilir:
- Çağırış: Elə bir haldır ki, heç də tamamilə təhlükə törətmir, lakin reaksiya tələb edir.
- Risk: Subyektin fəaliyyəti nəticəsində arzuolunmaz və yaxşı olmayan nəticələrin baş verməsi mümkünlüyü.
- Təhlükə: Dərk olunan obyektiv və subyektiv faktorların təsiri nəticəsində kiməsə və nəyəsə ziyan vurma mümkünlüyü.
XXI əsrin əvvəlində beynəlxalq təhlükəsizlik üçün yeni təhlükələr formalaşdı. Hərbi cəhətdən qüdrətli olan dövlətlər arasında rəqabətdən doğan köhnə təhlükələr arxa plana çəkilməyə başladı. Demək olar ki, "köhnə" təhlükələrin əksəriyyəti bu gün "yuxulu" vəziyyətdədir. Nüvə qarşıdurmasına və adi silahların istifadəsi ilə aparılacaq müharibələrə gətirib çıxara bilən təhlükələr "köhnə" hesab edilir.
"Yeni" təhlükələr beynəlxalq terrorizm, kütləvi qırğın silahlarının yayılması, onların çatdırılması vasitələri və daxili hərbi münaqişələrdən ibarət üçlük aid edilir. [28; 58] "Beynəlxalq hərbi müdaxilə" fenomeni də onlara yaxındır. Beynəlxalq təhlükəsizlikəzi hallarda bu fenomen yaranmış beynəlxalq təhlükənin neytrallaşdırılması kimi çıxış edir, digər hallarda isə özüdə ciddi təhlükə yaradır. Bu təhlükələr əvvəllər də mövcud idi. Lakin o zaman onlar "köhnə" təhlükələrin kölgəsində qalırdı. Son illər onların prioritetinin artması bu təhlükələrin daxili potensialının və yetriə biləcəyi xətərin inkişafı ilə izah edilir.
Beynəlxalq terrorizm "yeni" təhlükələr üçlüyünün əsas hissəsini təşkil edir. Terrorizm anlayışı siyasi dövriyyəyə Fransız inqilabı dövründə daxil edilib, lakin mülki əhalini qorxuzma üsulları hələ Qədim Romada tətbiq edilirdi. İlkin olaraq terror hakimiyyət və ya dövlət tərəfindən mövcud siyasi rejimin satqınları kimi qələmə verilən öz real və potensial siyasi rəqiblərinin məhv edilməsi və qorxudulması üçün istifadə edilirdi. Son illər terrorizmin yeni xassələri formalaşır. Əvvəllər də ayrı-ayrı ölkələrdə özünü biruzə verən lokal haldan o, iştirakçılarının tərkibi və əməliyyatların keçirilməsi coğrafiyasına görə dövlət sərhədləri bilməyən qlobal transmilli hərəkata çevrilib. Beynəlxalq terrorizmin yeni xüsusiyyətləri qlobal hərəkatın köklərinin milli ənənələrlə birləşməsi ilə zənginləşir. Bu hərəkatın təşkilat strukturu da inkişaf etmişdir. Bu struktur "klonlaşmaq" bacarığına qədər olan muxtar və təşəbbüslü təşkilatların şəbəkə prinsipi üzrə qurduğu əlaqələrə əsaslanır. U.Ben-Ladenin başçılıq etdiyi "Əl Qaidə" təşkilatından ilkin stimul alan beynəlxalq terrorizm hərəkatı özü-özünə inkişaf etmək və yer kürəsinin müxtəlif nöqtələrindəki yerli şəraitə uyğunlaşmaq bacarığına yiyələndi.
Beynəlxalq terrorizmin yaratdığı təhlükənin qlobal xarakteri onunla mübarizədə beynəlxalq səylərin birləşdirilməsi məsələsini qaldırdı. Qeyd etmək olar ki, dünya birliyi ümumilikdə beynəlxalq terrorizmin qəbuledilməz olması və onunla mübarizənin vacibliyi haqqında fikirlərin ətrafında terrorizm əleyhinə geniş koalisiya yaratmağa nail oldu. Lakin bu birliyi zəiflədən və parçalayan proseslər də müşahidə edilir.
Ön plana çəkilən və yeni xüsusiyyətlər qəbul edən digər təhlükə kütləvi qırğın silahlarının real və potensial yayılma kompleksi ilə bağlıdır. Bu təhlükənin aktuallığının kəskin dərəcədə artması onun beynəlxalq terrorizmlə birləşmə ehtimalı ilə izah edilir. Bununla əlaqədar bu təhlükənin və onunla aparılan mübarizənin sahəsi də dəyişmiş və genişlənmişdir.
Əgər əvvəllər belə təhlükə dövlətlərdən irəli gəlirdisə, indi bu təhlükənin mənbəyi qeyri-dövlət iştirakçı şəxsləridir. Əvvəllər dövlətlər arasında fəaliyyət göstərən beynəlxalq terrorizmlə bağlı həvəsləndirmə və cəzalandırma tədbirləri qeyri-dövlət iştirakçılarına təsir edə bilmirdi. Terroristlərə hansısa üstünlüklər təklif edib onlarla bu cür silahların istifadəsindən imtina etmək barədə razılıq əldə etmək olmur. Onlar bu silahlara yiyələnməklə siyasi məqsədlərə nail olmaq marağındadır. Bir sözlə, əvvəllər dövlətlərarası formatda işləyən yayılmanın qarşısının alınmasının rasional məntiqi bu sahədə artıq işləmir.
Kütləvi qırğın silahlarının qeyri-dövlət şəxsləri tərəfindən əvvəllər cüzi olan oğurlanma təhlükəsi kəskin şəkildə artdı, bunun nəticəsində isə belə silah və onun komponentlərinin fiziki müdafiəsi problemi ortaya çıxdı. Əgər əvvəllər söhbət belə silahlara yiyələnməkdən gedirdisə, bu gün bu problemin nəticələri kütləvi qırğın silahlarının istifadəsinin nəticələrinə yaxın olan sülh vaxtında nüvə, kimyəvi və digər obyektlərin dağıdılmasına gətirə biləcək təhlükə ilə tamamlanır. Eyni zamanda ənənəvi nüvə yayılmaması sistemi sərhədlərinin açılması baş verdi. Yeni dövlətlər nüvə silahlarına yiyələnməyə başladı. Bu regional nüvə silahlanmasına təkan verir, əvvəllər nüvə silahı istehsalını planlaşdırmayan dövlətlər qarşısında belə silahların istehsalı haqqında məsələ qaldırırdı. Bununla yanaşı yeni sahib tapmış nüvə silahlarının taleyi nigarançılıq doğurur. Məsələn, Pakistandakı siyasi qeyri-sabitlik qanuni bir sual doğurur: ölkədə hakimiyyət beynəlxalq terrorizmə yaxın olan radikal islamçı müxalifətin əlinə keçsə, nüvə silahı kimin əlinə keçəcək? Bəzi dövlətlər öz irrasional davranışı ilə (bu kütləvi qırğın silahlarının yayılması məsələsinə də aid edilə bilər), beynəlxalq terrorizmə göstərdikləri simpatiyaları ilə məlumdurlar. Bəzi dövlətlər isə hətta terroristlər ilə əməkdaşlıq da edir. Son illər kütləvi qırğın silahlarının yayılmasına xidmət edən yarıdövlət, yarımictimai gizli transmilli şəbəkələrin formalaşması təhlükəsi var.
Aleksey Arbatov - xarici müdafiə siyasəti şurası üzvünün fikrincə beynəlxalq təhlükəsizliyin əsas problemi kütləvi qırğın silahlarıdır. Ən başlıcası nüvə silahıdır. Əgər terror təşkilatları onu ələ keçirsələr bu bizim sivilizasiyanın sonu ola bilər.
Daxili silahlı münaqişələr təhlükəsi indi yeni ölçü qəbul edir. Soyuq müharibədən beynəlxalq təhlükəsizliyin müasir vəziyyətinə keçid əvvəllər Moskva və Vaşinqton tərəfindən qidalandırılan bir sıra konfliktlərin sönməsi ilə müşayiət edilir. Xarici stimullardan azad olmuş digər konfliktlər öz daxili lokal dinamikasını qoruyub saxlamışdılar. Daxili silahlı münaqişələrin prinsipial şəkildə yolverilməz olması haqqında geniş beynəlxalq konsensus formalaşmağa başladı. Bunun bir sıra səbəbləri var. Başqa təhlükələrdən gələ biləcək xətərlə yanaşı daxili silahlı münaqişələr qlobal miqyasda ən çoxsaylı insan qurbanlarının səbəbidir. Son dövrdə onlar digər aparıcı təhlükələrlə, ilk növbədə beynəlxalq terrorizmlə, qeyri-qanuni narkotik daşınması, qeyri-qanuni silah alveri, mütəşəkkil beynəlxalq cinayətkarlıqla daha sıx birləşməyə meyl göstərir. Daxili silahlı münaqişələrin zonaları, bir qayda olaraq, yer kürəsinin iqtisadi cəhətdən ən kasıb rayonlarıdır. Orda aparılan hərbi əməliyyatlar humanitar yardımın göstərilməsi üçün başlıca, bəlkə də yeganə maneədir. Mülki əhalinin hüquqlarının pozulması, məsələn, etnik təmizləmələr kütləvi hal alır. Demək olar ki, hər yerdə daxili silahlı münaqişələr biləvasitə və ya dolayı yollarla qonşu dövlətləri və əcnəbi könüllüləri öz dairəsinə cəlb edir.
Beynəlxalq münasibətlər sisteminin formalaşmasının və inkişafının 1945-ci ildən - İkinci Dünya müharibəsinin başa çatması və BMT-nin yaranmasından başlanan növbəti dövrü soyuq müharibədən ABŞ və onun Qərb mütəfiqlərinin tam qalib çıxması ilə başa çatır. 90-cı illərdən başlayaraq, beynəlxalq münasibətlərin nəinki özü, sistemi və xarakteri dəyişir, həm də onun öyrənilməsi və tədqiqi praktikası yeniləşir.
Uzun müddət sovet tarixşünaslığı beynəlxalq aləmi yalnız dövlətlərarası münasibətlər meydanı kimi təsvir edir və beynəlxalq münasibətlər sistemini yalnız bu səpkidə öyrənirdi.
Müasir beynəlxalq münasibətlərin əsas tendensiyalarından biri beynəlxalq təhlükəsizlik tələblərinin, qlobal və lokal terrorizmə qarşı mübarizənin ümumdünya siyasəyi səviyyəsinə qaldırılması hesab oluna bilər. Bu prosesin əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, dünyada başda ABŞ olmaqla, vahid antiterror koalisiyasının yaradılması prosesi həyata keçirilir və keçmişdə hansı hərbi və siyasi blokda iştirak etməsindən asılı olmayaraq, dövlətlər iki meyara görə qruplaşır. Bir qrup ABŞ-ın təsiri ilə terrorizmə qarşı mübarizə cəbhəsində yer tutursa, digərləri terroru dəstəkləyən ölkələr sırasına aid edilirlər.
Beynəlxalq sistemdə bir-bir dövlətlərin və ya dövlət qruplarının qarşılıqlı gücdə olması müxtəlif şəkil ala bilər. Bunları aşağıdakı kimi göstərmək olar:
1) Gücün tək əldə mərkəzləşdiyi və mərkəzləşmiş olan gücün üstündə başqa bir gücün olmadığı bir sistem. Dünya tarixində bu cür sistemlərə müxtəlif dövrlərdə rast gəlinmişdir. Misal üçün Roma imperatorluğu dövrünü belə bir sistemin ən aydın bir şəkildə var olduğu bir tarixi mərhələdir.
2) İkinci sistem növü bir-birinə yaxın gücdə bir çox dövlətin və ya dövlət qrupunun iştirakı nəticəsində ortaya çıxır. XIX əsr Avropası belə idi. Bu yüzildə başlıca dövlətlərin gücü bir-birinə yaxın olduğu üçün, Roma imperatorluğu dövründə olduğu kimi bir dövlətin obiriləri üzərində üstünlüyü yox idi. Belə vəziyyətlərdə dövlətlərin olduqca geniş bir hərəkət sərbəstlikləri olmaqdadır.
3) İkiqütblü dünya sistemidir. Əsgəri güc və diplomatik nüfuzlu iki blok liderinin əlində elə cəmlənmişdir ki, lider vəziyyətindəki bu dövlətlər daha kiçik obiri gücləri - ya bunları xaricə qarşı qoruyaraq, ya təhdid edərək, ya da yardım ilə - ətraflarında tutarlar. İkinci dünya müharibəsinin sonundan 1950-ci illərin ortalarına qədər bir yandan ABŞ ilə, digər tərəfdən Sovetlər Birliyinin ətrafında yığılmış olan dünyanın ən önəmli gücləri belə bir sistem meydana gətirmişdilər.
4) Nəhayət, dördüncü növ beynəlxalq sistem çoxqütüblü dünya modelidir. Hazırki dövrdə dünya belə bir güc quruluşuna sahibdir. 1950-ci illərdən sonra Çinin böyük bir güc olaraq ortaya çıxması, ABŞ, Sovetlər Birliyi və Çinin liderlik etdikləri üç qütüblü bir dünya meydana gətirmişdir.
Müasir beynəlxalq sistemi keçmişdəki sistemlərdən ayıran bir çox xüsusiyyətlər vardır. Bunlardan biri nüvə silahlarının ortaya çıxardığı vəziyyətdir. Həqiqətən nüvə silahları Şərq və Qərb arasında elə qorxulu bir tarazlıq yaratmışdır ki, mütəxəssislər bu vəziyyəti klassik "güc tarazlığı" anlayışı ilə anlatamayacaqlarını düşünərək buna "ilğı tarazlığı" demişlər. Bu "ilğı tarazlığı" sistemi içində ümumi müharibə ehtimalı tamam ortadan qalxmasa belə, bunun çox azalmış olduğu qənaəti yayğındır. Müasir beynəlxalq sistemin ikinci xüsusiyyəti 1950-ci illərdən bu yana çox sayda dövlətin əmələ gətirdiyi bir əlaqəsizlər qrupunun ortaya çıxmasıdır. Bu dövlətlər qrupu görüşlərinin və problemlərinin özlərinə qəbul etdirmək və yaymaq istədikləri üçün Qərb və Şərq bloklarını qınamaqdadır. Nəhayət, müasir beynəlxalq sistemin üçüncü xüsusiyyəti bəzi dövlətlərin beynəlxalq sistemin quruluşunda və prosesində dəyişikliklər meydana gətirmək və uzun müddətli ideoloji məqsədlərini gerçəkləşdirmək üçün girişdikləri səylərdir. Bu səylərdə ilk hədəf sabit olmayanları diplomatik böhran və əsgəri toqquşmalar yaratmaqdır.
Beynəlxalq təhlükəsizlik sistemi dövlətlər, beynəlxalq təşkilatlararası dövlətlərin və xalqların kollektiv təhlükəsizliyini təmin edən siyasi-diplomatik, hərbi, iqtisadi və ictimai tədbirlər sistemidir. Beynəlxalq təhlükəsizlik sistemi qlobal və regional ola bilər. O, benəlxalq münasibətlərin praktiası, beynəlxalq təcrübə və əldə olunmuş razılaşmalar əsasında formalaşır. Beynəlxalq təhlükəsizlik sistemi hərbi toqquşmaların qarşısını almaq üçün özünə təhlükəsizliyin əsas prinsiplərini, dövlətlərarası mexanizmlər və strkturlar, beynəlxalq hüquqi normalar, çoxtərəfli sazişlər, siyasi, iqtisadi, hərbi-strateji qarşıdurmaların siyasi yolla həlli, eləcə də informasiya və hərbi fəaliyyət üzərində nəzarətin həyata keçirilməsini ehtiva edir.
Həmçinin onu da qeyd etmək lazımdır ki, prinsiplərin reallaşması və müharibə xəbərdarlığının olmasına əsaslanan bir sistemdir.
Beynəlxalq təhlükəsizlik sisteminin mühüm elementi Birləşmiş Millətlər Təşkilatı (BMT) hesab olunur və onun qərarlarının əsas realizə üsulu sülhməramlı qüvvələr, siyasi, iqtisadi və hərbi sanksiyalar, eləcə də hərbi birləşmələr və bütün növ hərbi mübarizə üsullarının məhdudlaşdırılmasısır.
Regional təhlükəsizlik sistemləri - regional səviyyədə təhlükəsizliyin təmini üçün tədbirlər kompleksidir. Burada Avropa təhlükəsizlik sistemi, Asiya-Sakit okean təhlükəsizlik sistemləri mövcuddur.
Asiya-Sakit okean regionunun təhlükəsizlik sistemi region ölkələrinin təhlükəsizliyini təmini üçün yaradılıb. Region ölkələri arasında və digər dövlətlərlə təhlükənin önlənməsi və ləğv edilməsi yönündə aparılan birgə fəaliyyətə əsaslanır. Burada əsas yeri ABŞ, Rusiya, Yaponiya, Hindistan, Pakistan, Cin arasında münasibətlər təşkil edir. Regionda təhlükəsizliyin möhkəmləndirilməsində kütləvi qırğın silahlarına malik olan ÇXR, Hindistan və Pakistan arasında münaqişəli vəziyyətin mövcudluğu təhlükəsizliyin möhkəmləndirilməsi qarşısında əngəldir. Region ölkələrində Avropa ile müqayisə edilə biləcək qədər adi silah arsenalı cəmlənib. Bunlara əlavə olaraq İran, Sudan, Suriya və Fələstin muxtariyyatını ABŞ terrorizmə dəstək verməkdə günahlandırır. Öz növbəsində bütün Ərəb dövlətləri İsraili açıqca ittiham edirler. Dövlət təhlükəsizlik sistemi hər bir dövlətin təhlükəsizlik xüsusiyyətlərinin nəzərə alınması ilə şərtlənən kompleks tədbirlər sistemidir. Hər bir konkret situasiyada xarici və daxili milli təhlükəsizliyin qorunmasına yönəlik fəaliyyətlər onun konstitusiyası və hərbi doktrinasının tələblərinə əsaslanır.
Beynəlxalq təhlükəsizlik sisteminin subyektləri. Müasir beynəlxalq münasibətlər və dünya siyasəti çox mürəkkəb bir sistemdir. Bu sistemdə iştirak edən aktorların (fəaliyyətdə olan subyektlərin) sayı getdikcə artır və genişlənir. Əgər Vestfal sistemindən başlanmış XX əsrin başlanğıcına kimi beynəlxalq qarşılıqlı əlaqələrin iştirakçısı kimi əsasən dövlətlər və onların koalisiyası çıxış edirdisə, müasir dövrdə bu əlaqələrin aktorlarının sayı getdikcə artır. Bunların sırasında beynəlxalq qurumlar, hökumətlərarası və qeyri-hökumət təşkilatları, transmilli korporasiyalar və dövlətdaxili regionlar xüsusi fərqlənir. Bu qurumlar müasir müasir dünyada həm pozitiv, həm də neqativ rol (beynəlxalq terror, narkobiznes, dini fanatizm və s.) oynayaraq milli dövlətlərlə birlikdə beynəlxalq münasibətlər, beynəlxalq hüquq və qloballaşmanın əsas aktorlarına çevrilirlər.
Müasir beynəlxalq münasibətlərin əsas aktorlarından biri beynəlxalq dövlətlər və hökumətlərarası təşkilatlar (BHAT) hesab olunur. Bu təşkilatların yaranması dünyanı lərzəyə salmış İkinci Dünya müharibəsindən sonra başlanmış və dövlətlərin qarşısında duran ümumi beynəlxalq problemlərin həllinə yardım vəzifəsi daşımışdır.
Milli dövlətlər tərəfindən beynəlxalq müqavilə əsasında yaradılan, bütün üzv ölkələr üçün vahid beynəlxalq hüquq normalarının və qarşılıqlı fəaliyyət prinsiplərinin formalaşmasında biləvasitə iştirak etmiş və beynəlxalq qaydaların mənbəyi hesab olunan ilk belə təşkilat BMT hesab ounur.
Birləşmiş Millətlər Təşkilatı bu gün mövcud dünya düzəninin və dünyada sülh və təhlükəsizliyin saxlanılması üçün cavabdeh olan yeganə səlahiyyətli təşkilatdır. Hüquqi baxımdan BMT Təhlükəsizlik Şurası beynəlxalq təhlükəsizliyin qarantı olub, qərarları məcburi icra tələb edən təşkilatdır. Yalnız onun təhlükəsizliyi pozan dövlətlərə qarşı sanksiyalar və lazım gəlsə zor tətbiq etmək səlahiyyəti var. Lakin BMT əvvəllər Sovet İttifaqı ilə Amerika qarşıdurması üzündən «soyuq müharibə» bitdikdən və xüsusilə də SSRİ-nin dağılmasından sonra yeganə superdövlət olan ABŞ-ın iradəsindən asılı olması nəticəsində obyektiv və effektli fəaliyyət göstərə bilmir. ATƏT, Avropa Şurası və digər təşkilatların qərarları konsensus əsasında qəbul edilir və əsasən tövsiyyə xarakteri daşıyır. Bu təşkilatların qərarları tövsiyyə xarakteri daşıdığından onların sanksiyalar və ya güc tətbiq etmək səlahiyyətləri yoxdur. Bu regional təşkilatların əsas vəzifəsi dünyada və regionda təhlükəsizliyin qorunması və əməkdaşlıq problemlərini müzakirə edib ümumi mövqelər müəyyən etməklə dünya və regional düzəni tənzimləyəcək qanunlar sistemi müəyyənləşdirməkdən ibarətdir. BHAT-lar müasir beynəlxalq münasibətlərin mühüm amili kimi dövlətlərarası əlaqələrin müxtəlif istiqamətlərini əhatə edən siyasi, iqtisadi, hərbi, sosial, mədəni, informasiya, ekoloji və s. problemlər ilə məşğul olurlar. Bunların arasında da BMT, ATƏT kimi universal təşkilatlarla yanaşı, Beynəlxalq Səhiyyə Təşkilatı (BST), Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA), YUNESKO (Mədəni İrsin Qorunması Üzrə Beynəlxalq Təşkilat) və s. kimi konkret sahələrlə məşğul olan funksioanal BHAT-lar mövcuddur.
Müasir beynəlxalq münasibətlərin əsas və yeni aktorlarından biri də qeyri-hökumət təşkilatlarıdır (QHT). Bu təşkilatlar həm beynəlxaq, həm də lokal statusla BHAT-larla bərabər müasir dünya siyasətində mühüm mövqeyə malikdirlər. QHT-lər sırasında beynəlxalq QHT-lər xüsusi seçilir. BQHT-lər BMT-nin Nizamnaməsinin yaranması və sonrakı əsas sənədlərinin qəbul edilməsində mühüm rol oynamış və bu təşkilatın fəaliyyətində bugün də yaxından iştirak edirlər.
Bu gün beynəlxalq hüquq sahəsindəki böhran daha da gərginləşir. Bu böhran iştirakçı şəxslərin beynəlxalq təhlükəsizlik sahəsində atdığı addımlara ciddi təsir göstərir. Bir qayda olaraq Bəşəriyyət tarixində böyük beynəlxalq müharibələrin hamısı sülh sazişlərinin imzalanması və yeni təşkilati-hüquqi beynəlxalq münasibətlər sisteminin yaradılması ilə bitirdi. Soyuq müharibənin qurtarması bu qaydadan istisna oldu. Dünya birliyi İkinci Dünya müharibəsi bitdikdən sonra yaradılmış və özəyi Birləşmiş Millətlər Təşkilatından ibarət olan təşkilati-hüquqi sistemin səmərəliliyinin bərpa edilməsi yolu ilə getdi. Lakin indi bu sistemin, xüsusilə BMT-nin fəaliyyətinin səmərəsiz olması haqqında fikir geniş yayılıb. Əgər bu təşkilatın, xüsusilə Təhlükəsizlik Şurasının soyuq müharibə şəraitində və onun başa çatmasından sonrakı fəaliyyətini müqayisə etsək, bu səmərəliliyin artması şübhə doğurmaz. Təhlükəsizlik Şurasında beynəlxalq təhlükəsizliyin vacib məsələlərinə dair konsensus səsvermələrinin kəskin şəkildə artması və Təhlükəsizlik Şurasının daimi iştirakçılarının öz veto hüquqlarından istifadə hallarının azalması bu fikrin əyani təsdiqidir. Lakin bununla belə, BMT-nin səmərəliliyinin qiymətləndirilməsi zamanı, bu gün beynəlxalq təhlükəsizlik sahəsindəki yeni problemlərin həllində pessimist fikirlər özünü doğruldur.
Soyuq müharibənin bitdiyindən sonra dünya birliyinin BMT-nin Nizamnaməsində bəyan edilmiş prinsiplərə dair konsensusun bərpası yarımçıq xarakter daşıyırdı. 1999-cu ildə Yuqoslaviyaya və 2003-cü ildə İraqa hərbi müdaxilələr haqqında qərarların BMT Təhlükəsizlik Şurasının fikri nəzərə alınmadan qəbul edilməsi bu təşkilatın və beynəlxalq təhlükəsizlik sahəsinin tənzimlənməsi prinsiplərinin səmərəliliyini azaltdı.
"Humanitar müdaxilə" praktikasının tətbiqi suverenliyə dair formalaşmış ənənəvi yanaşmanın kordinal şəkildə dəyişməyini göstərirdi. Transmilli terrorizmin törətdiyi təhlükələr yeni olan "preventiv zərbələr" problemini ön plana çəkdi. Qeyri-dövlət iştirakçı şəxslərə (terroristlər, üsyançılar, qiyamçılar) qarşı genişlənməkdə olan hərbi güc tətbiqi praktikası hərbi gücün seçmə yolu ilə istifadəsi və dinc əhali arasında zərərçəkənlərin azaldılması problemini kollektiv təhlükəsizlik kəskinləşdirdi. Beynəlxalq hüquq və BMT-ni dünya siyasətinin beynəlxalq münasibətlər və beynəlxalq təhlükəsizliyi yeni reallıqlarına uyğunlaşdırmaq məqsədilə onların inkişafı və dəyişdirilməsi məsələləri aşgara çıxdı. Məhz bu səbəblərdən BMT-nin, xüsusilə onun Təhlükəsizlik Şurasının radikal təşkilati islahatı, beynəlxalq hüquq və beynəlxalq təhlükəsizlik sahəsindəki normaların dəyişdirilməsi məsələləri praktik istiqamət almışdır.
Müasir beynəlxalq hüquq sistemi və BMT daxilində baş verən böhranın digər ciddi səbəbi beynəlxalq təhlükəsizlikəzi ölkələrin, ilk növbədə ABŞ-ın, bir çox hallarda, o cümlədən beynəlxalq təhlükəsizlik problemlərinin həllində hüquq qaydalarından kənar hərəkətlər etmək istəyindən irəli gəlir. Bir sıra irimiqyaslı beynəlxalq hərbi müdaxilə aksiyalarının keçirilməsi zamanı BMT Təhlükəsizlik Şurasının mövqeyinə etinasızlıq, nüvə silahlarının qadğan edilməsinə dair Razılaşma, Beynəlxalq cinayət məhkəməsi kimi mühüm beynəlxalq hüquq instrumentlərinə qoşulmaqdan imtina, bakterioloji silahlara dair Konvensiyanın yoxlanılması mexanizmlərinin yaradılmasına yönəlmiş beynəlxalq səylərə göstərilən etinasızlıq bunu bir daha sübut edir.
Nəhayət, soyuq müharibənin başa çatdığından sonra beynəlxalq münasibətlər və dünya siyasətinin qlobal gündəliyində baş verən dəyişikliklərə də göz yummaq olmaz. Beynəlxalq hərbi-siyasi təhlükəsizlik problemlərinin prioriterliyinin qorunub saxlanılması şübhəsizdir.
Beləliklə, beynəlxalq təhlükəsizlik mühitinin dəyişməsi, onun bütün hissələrinə və ümumilikdə götürülmüş kompleksə ciddi təsir göstərir.

 

Həsənov Samin

Politoloq 

 

 

Trackbacks