Əli bəy Hüseynzadə bioqrafik müxtəsər məlumat

24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında, Kür çayı sahilində yerləşən Salyan şəhərində doğuldum. Atam Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə Qruzma bəylərindən Kazım bəy Hüseynzadənin dörd oğlundan ən kiçiyidir. Anam Xədicə xanım Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır.
İlk təhsilim: Türk, fars, ərəb və bir az da rusca Tiflis Müsəlman məktəbində, orta və lisə təhsilim: Tiflis 1-ci Klassik Gimnaziyasında (1875-1885); mükafatla bitirdiyim bu məktəbdə sinif keçərkən bəzən "təhsinnamə" ilə hədiyyə aldığım da olurdu.
Yüksək təhsilim: Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsində (1885-1889). Bu, rus universitet gəncliyinin ən hummalı və üsyankar zamanına təsadüf edər; bulunduğumuz fakültənin tələbəsindən olan Saşa Ulyanov o sıralarda edam olunmuşdu (1886). Əsl ailə adı Ulyanov olan Lenin bu Saşanın kiçik qardaşıdır...
Tibb və ixtisas təhsilim: İstanbul Əsgəri-Tibbiyyəsində (1890-1895); yüzbaşı rütbəsilə bitirdiyim bu məktəbdən aldığım təbib diplomunun tarixi: 10 temmuz 1311-dir...
Bulunduğum vəzifələrin və işlərin səhifələri: Dürinq Paşa maiyyətində olaraq, Heydərpaşa əsgəri xəstəxanasında dəri mütəxəssisi (1895-1897); Tesaliya savaşında Çatalca (farsala) və Dümekedə operator müavini - bəhriyə təbiblərindən operator Şükrü Bəyin (Paşa) maiyyətində - və sonra da əsgər həkimi (1897); Tesaliyanı təhliyə sıralarında, əsgərə rəfaqətlə müxtəlif Anadolu limanlarına səfər. İstanbula dönüşdə təkrar Heydərpaşa xəstəxanasında keçmiş vəzifəmi davam etdirdim; 1900-cü ildə Əsgəri-Tibbiyyədə açılan müsabiqə imtahanını qazanmaqla bu məktəbdə il yarım müddətində Əmrazi cildiyə və efrenciyə müəllim müavini (Cəlal Muxtar bəyin). O sıralarda vəba xəstəliyini yerində tədqiq üçün Hindistana ezam olunmaq üzrə Əsgəri-Tibbiyyə məktəbi tərəfindən intihab olundumsa, Yıldızın haqqımdakı vəhmi buna mane oldu...
Aşağıda zikr olunan "Vəba" kitabını bu münasibətlə yazıb nəşr etdirmişdik.
1903-də əvvəlcə bir müddət mərhum Əhməd Cəlaləddin Paşanın Çamlıcadakı köşklərində və Nişantaşındakı qonağında müsafir qaldıqdan sonra (Əbdülhəmid və istibdad rejiminin dürlü bəhanələrlə təqibləri üzündən Qafqaza köçməyə məcbur oldum və ora qəzetlərində mühərrirliyə başladım. O sıralarda "Əqsayi-Şərq" politikası üzündən Rusiya ilə Yaponiyanın arası açılmaq üzrə idi; Çox keçmədən (1904) baş verən müharibə Rusiyanın məğlubiyyəti ilə nəticələndi, bunun üzərinə istibdaddan bizar olan xalq ayaqlanıb məşrutiyyət tələb edirdi. Bu cərəyana tabe olaraq, məşrutiyyət tələbində bulunmaq üzrə, Azərbaycan türkləri də (və sair Qafqaz müsəlmanları) Peterburqa bir heyət göndərməyə qərar verdi. 11 nəfərdən... ibarət olan bu heyəti-mürahhasada Ağaoğlu Əhməd, Adil X. Ziyadxan, mərhum Əli Mərdan bəy Topçubaşi, mərhum fərrux Vəzirov və sairə ilə birlikdə mən də vardım... General Trepovun intriqalarına rəğmən, fikir və diləklərimizi, cüzi bir tədil ilə Başvəkil Vitteyə qəbul etdirə bildik (1905). Bir də o sıralarda bütün Rusiya islamlarının ilk yövmi qəzetəsi olmaq üzrə "Həyat" namilə bir qəzetin imtiyazını əldə etdik... Bundan sonrakı vəzifələrim; Bakıda intişara başlayan məzkur qəzetədə əvvəla Ağaoğlu ilə birlikdə, sonra da təkbaşıma başmühərrirlik (1905-1906), qapanan "Həyat"ın yerinə çıxan həftəlik "füyuzat" məcmuəsində müdir və başmühərrirlik (1906-1907), Birinci Dövlət Dumasının dağıdılmasına görə Ə.M. Topçubaşinin, digər bir çox məbuslarla birlikdə (finlandiyada) "Vıborq bəyannaməsi"ni imza etmiş bulunmasından ötürü həbsə atılıb, qəzetçilik kimi mədəni haqlardan məhrum edilməsi üzərinə, yerinə rusca yövmi "Kaspi" qəzetinin başmühərrirliyini icra etdim (1907).
1908-ci ildə Bakıda bir neçə dost və arkadaş tərəfindən "Səadət" məktəbi" adı ilə təsis edilən orta proqramlı milli məktəbdə bir müddət dərs naziri və türkcə müəllimi olaraq çalışdım (1908-1910). Həmin məktəbə, o sıralarda müdirlik edən Mirzə Ələkbər Xan Bəhmən idi ki, sonralar İranın Balkan və Misir səfiri olmuşdu...
Məşrutiyyət dövründə, 31 mart vaqeəsindən bir müddət sonra, mərhum Baha Şakirin və digər ittihadçı dostların dəvəti üzərinə, Qafqazdan İstanbula avdət etdim.
Bakıdan ayrılarkən bütün ev əşyamı - mebel, bufe takımı, kitablarımın bir qismi və sairə - "Səadət" məktəbinə hədiyyə etdim.
İstanbulda Tibb fakültəsi əski yeri olan Sarayburnundan Heydərpaşadakı binaya köçmüşdü, burada, bir müsabiqə imtahanı nəticəsində "Emrazi cildiyə və efrenciyə seririyat şefliyinə (1910-28 birinci qanun 1326) və bir neçə il sonra da müəllim müavinliyinə təyin olundum. Müəllimimiz Cəlal Muxtar bəy idi. 1925-ci ildə seririyati cildiyə və efrenciye müəllimi oldum. Eyni dərslərin müdərrisliyinə təyinimin tarixi 4 may 1926-cı ildir. Nəhayət, 24 sentyabr 1931 tarixində təqaüdə çıxdım, fəqət yenə bir müddət fakültənin təkrar İstanbul tərəfinə keçdiyi günlərə qədər (yəni 1933-cü ilin sonuna qədər) müəllimliyə davam etdim.
fakültə hizmətlərimin xaricində bəzi siyasi və ictimai vəzifələrdə də çalışdım: bir aralıq Eyyub Səbri, Midhəd Şükrü, mərhum Ziya Gökalp, mərhum hatib Ö. Naci və sairə ilə "İttihad və Tərəqqi"nin mərkəzi ümumisi (və İstanbul mərkəzi) əzalığında bulundum - İstanbulda Selanikdə, sonra yenə İstanbulda. Zatən "İttihad və Tərəqqi"nin ilk təşəkkülü zamanından bəri, yəni daha Tibbiyyə tələbəsi ikən, İbrahim Temo, mərhum İshaq Sükuti, mərhum Osman Cövdət, mərhum Abd. Cövdət və sairə ilə bərabər bu məzkur Cəmiyyətin azasından biri idim...
Bir neçə dəfə müxtəlif vəzifələrlə məmləkətin başqa tərəflərinə və yabançı ölkələrə göndərildim; bu səfərlərin ən mühümləri: "Hərbi-ümumi əsnasında Orta Avropada professor Yusuf Akçura, ayan katibi mərhum krımlı Əsəd və buxaralı Mukimiddin ilə birlikdə "Turan heyəti murahhası" namilə bir cevelan: Bu münasibətlə ümumtürklük lehinə propaqanda yaparaq, onun siyasi haqlarını müdafiəyə çalışdıq, ötədə bəridə konfranslar verdik, yazılar yazdıq...
Stokholmda, məzkur Dünya savaşının önünə keçib müharibələri bir an əvvəl ümumi bir sülhə qovuşdurmağa bir yol bulmaq üçün toplanmaq istəyən beynəlmiləl sosialist konfransına türk işçisi adına, prof. Akil Muxtar və mərhum Nesim Masliyuh (Məclisi Məbusan üzvü) ilə birlikdə mürəxxəs olaraq getdik... İngilis və fransız sosialistləri gələ bilmədiklərindən (hökumətləri mane olmuşdu) məzkur konfransdan bir nəticə çıxmadı isə də, biz məzkur qayə ilə orada çalışan sosialist Hollandiya-Skandinav komitəsinə haqqımızı müdafiə yollu bir muhtıra verdik və sosialist aləminə türk diləklərinin haqlı olduğunu anlatmağa çalışdıq. Bundan başqa İsveç paytaxtına gələn rus sosialist mürəhhəsləriylə faydalı təmaslarda bulunduq... Stokholmda bulunduğumuz müddətdə... ermənilərin əleyhimizdəki propaqandalarına qarşı antipropaqanda yapmaq məcburiyyətində qalmışdıq. Burasını da unutmam ki, Stokholma gedərkən, Berlində, öncə alman sosialistlərinin liderlərindən biri olan (və bilaxirə müharibədən sonra, Almaniyanın ilk rəisi Cumhuru olan) müttəfa Evert ilə (Ph. Şeidemanın dəlaləti ilə) görüşmüş və mülaqatından istifadə etmişdik...
Digər mühüm bir səfər də, "Qafqaz Cümhuriyyətləri federasionu" ilə bir sülh müahidəsi əqd etmək üzrə, xariciyyə naziri Xəlil bəyin Batumda bulunduğu sıralarda Ağaoğlu Əhmədlə bərabər, xüsusi bir vəzifə ilə, əvvəla Batuma (Xəlil Bəyin nəzdinə), sonra oradan da, federasiyondan ayrılıb ayrı bir hökumət halında təşəkkül etməkdə olan Azərbaycan Cümhuriyyətinin ilk paytaxtı olan Gəncəyə (Nuru Paşanın yanına) qədər getməmizdən ibarətdir...
Burada türk ordusu sayəsində yenidən istiqlalını qazanmaqda olan Azərbaycanın münəvvərlərilə birlikdə, bu ölkənin bir Cümhuriyyət halında təəssüs və təşəkkül etməsi işlərində çalışdıq...
Balkan hərbində (1912-1913) və sonra da Cahan hərbində (1914-1918), yuxarıda zikr edilən vəzifələrin xaricində, daima "Hilal-Əhmər"in hizmətində bulunaraq, müxtəlif xəstəxanalarda yaralı və xəstələrin tədavisiylə, əlimdən gəldiyi qədər uğraşmışdım...
Damad fərid paşa hökumətinin məşum dövrünə gəlincə, o sıralarda iki dəfə tevkif olunaraq, aylarca "Bəkirağa bölüyündə (indi tibb fakültəsinin təşrixanasıdır) qaldım. Malta adasına göndərilməkdən ancaq təsadüf olaraq qurtulmuşdum...
İlk mətbu yazım A.H-zadə imzasıyla şair Ömər Xəyyama dair olub, Tibbiyə tələbəsiykən A. Cövdətin çıxardığı "Ramazan baxçası"nda dərc olunmuşdur. İlk mənzum əsərlərim Səlyani imzasıyla "Məlumat" və "İrtika" qəzetlərində basılmışdı. "İrtika"dakı "Qeyb edilmiş cənnət"dən bir parça olub, bu poemanı yazan ingilis şairi Miltonun "Korluqdan iştika"sıdır. 1902-ci ildə dr. M. Rəfi ilə birlikdə "Vəba və mikrobu" başlığı altında bir kitab təb və nəşr etdik. Bu kitab "Tədqiqi müəllifat komissiyası"nın təqdirnaməsini almışdır...
A.Turani imzasıyla türklük və türkçülüyə dair olan ilk yazılarım 1904-cü ildə Misirdə çıxan "Türk" qəzetində nəşr edilmişdir. Yusuf Akçuranın 1928-ci ildə çıxardığı "Türk yılı"nda bunlara dair məlumat vardır.
İstibdad dövrünə aid İstanbul həyatından bir lövhə olan "Qlaf və məhfəzə" adlı hekayə kiçik bir kitab halında Bakıda basılmışdı. Çexovun bir əsərindən ataptasyondur... "Türklər kimdir və kimlərdən ibarətdir" və "Siyasət və fürusət" adları ilə türklərə və türk tarixinə dair yazdığım uzunca əsərlər Bakı qəzetlərində təfriqə halında çıxmışsa da müxtəlif səbəblərlə ayrıca kitab halına alınmamışdır... Qismən mənzum olan "Qərbin iki dastanında türk" adlı əsərim Bakı Türkoloji qurultayına getdiyimiz sıralarda Bakıdakı "Kommunist" qəzetinin qeyrətilə kitab halında basılmışdır (1926). Tərcümə etdiyim Adam Smitin "Sərvəti miləl" hüquq fakültəsinin təqdirnaməsini haiz olaraq Dövlət mətbəəsinə verilmişdir. fəqət, hərf inqilabı dolayısıyla basılması indiyə qədər geri qalmışdır. Vaxtilə "Siflis"ə dair "Türk ocağı"nda verdiyim konfranslar, "Tanin" qəzetinin 15, 16 haziran və 12,13,14,15, temmuz 1916-cı il tarixli nüsxələrində təfriqə halında çıxmışdı, fəqət dərs sənələrimin məhsulu olaraq yazdığım "Siflis" kitabım hələ də nəşr olunmamışdır. Professor Kamal Cənabla birlikldə yazmaqda olduğumuz "Ensiklopedik tibb lüğəti" basılmaq üzrədir... Ötədən bəri uğraşmaqda olduğum "faust" tərcüməsinin bir qismi (qismən mənzum) 1932-ci ildə Hötenin vəfatının 100-cü ildönümü dolayısı ilə prof. Tofiq Rəmzinin himmətilə basıldı. Böyük ozanımız A.Hamid Tarhan göndərdiyi bir məktubda bu tərcüməni belə təqdir etmişdi: "əsli nəfis olan bu əsərin tərcüməsi də ənfəs olmuş; himməti ədəbiyyəniz şayani təbrikdir"...
Bu günlərdə dağınıq olaraq nəşr edilmiş, düzgülərimi bir araya toplamaqla məşğulam; niyyətim bir "Şeir məcmuəsi" halında nəşr etməkdir...
Bioqrafik məlumata əlavələr: Almaniya imperatoru (şimdi ek-empreur Vilhelm tarafından, Tesaliya hərbi əsnasında Dümekeyə göndərilən muteveffa məşhur rəssam Roçholl bənim yağlı boya ilə böyük bir rəsmimi yapmışdı - muharibədə bulunduğum üçünmü, kəndisini tədavi edərək sıtmadan qurtardığım üçünmü, albomuna xatirə olaraq bir rəsm yapdığım üçünmü, yoxsa bəzən ufaq-təfək xətalarını görüb söyləməkdən çəkinmədiyim üçünmü?.. orasını bir Roçholl bilir, bir də Allah!.. məzkur rəsm "Əsgər təbibi Əli bəy"in rəsmi - Almaniyadadır.
Mən də əskidən bəri ara-sıra rəsm çəkərdim. Bunlardan yağlı boya olan bir-ikisi Bakı muzeyindədir. "Bibiheybət" adlı peyzajın fotoqrafisi Rəsulzadənin "Azərbaycan tarixi"ndə verilmişdir...
Lamya sırtlarında (Tesaliyadadır) "Türk əsgərləri"ni göstərən və altında "Səlyani" imzası bulunan böyük bir akvarel vaxtilə Sultan Hamidə verilmişdi. İndi də Yıldızdamıdır, bilmirəm.
Plevne qəhrəmanı Osman Paşanın partlamış bir obüs üzərində yapdığım yağlı boya portreti Müzəffərəddin şaha verilmişdi (bu rəsm Tehranda olsa gərək). Bunun üçün mərhum şahdan "Şiri-Xurşid" nişanı aldım... Babam Axund Əhməd Səlyaninin portreti Salyandadır...
(Azərbaycanda mənə dair bir çox yazılar yazılıb... Məsələn, "füqəra füyuzatı"nın ilk nüsxəsində... Türkiyədə yazılanların mühümləri bunlardır: Yusuf Akçuranın məqalələri ("Türk yurdu"nda və "Türk yılı"nda). Ziya Gökalp ("Böyük" və ya "Kiçik məcmuə"də?), Abdulla Cövdət "İctihad"da, M.T. (Məhməd Əli Tevfiq "Təsvir əfkar"da).
Ə.H.Turani
fevral 1935
qaynaq:ədəbiyyat qəzeti


