Kateqoriyalar
Linklər
Syndicate
RSS 2.0
Atom 0.3
Powered by

« | »

Fərman Salmanov

2007-11-13 @ 08:40 in Tanınmışlar

     Həmyerlimiz Fərman Salmanov Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü 50 il öncə Sibiri heç bir perspektivi olmayan ərazilər sırasına daxil edən alim və geoloqların iddiasına qarşı çıxaraq, burada ilk olaraq külli miqdarda neft ehtiyatlarını kəşf etmişdi. Onun tərəfindən burada nə az, nə çox 130 neft-qaz yatağı istismara verilmişdi.

Hələ uzaq 1932-ci ildə akademik Qubkin Qərbi Sibirdə zəngin neft ehtiyatlarının olduğunu iddia etsə də, bir çoxları, o cümlədən professor Kalitski ona qarqı çıxaraq akademiki avantürist adlandırmışdı. O illər Sibirə, Surqut ətrafına neft axtarışına yollanmış ilk ekspedisiya da uğursuzluğa düçar olmuşdu. Ancaq uğursuzluğun əsas səbəbi ekspedisiyanın pis təchiz edilməsi və qazıntı işlərinin kiçik dərinlikdə apalıması idi. Fərman Salmanov Sibirdə neft ehtiyatlarının olmasını hələ tələbə ikən, burada təcrübə keçərkən yəqin etmişdi. Onun diplom işi də bu regionun neft ehtiyatı olan rayonları barədə idi. Neft İnstitutunu bitirdikdən sonra onu Kuzbassa neft axtarışına göndərmişdilər. Ancaq Fərman öncədən burada neftin olmadığını bilirdi və aparılan kəşfiyyat da bunu təsdiqəldi. O, rəhbərliyə Kuzbasda neftin olmaması xəbərini çatdırdıqdan sonra, partiya komitəsindən gənc geoloqla haqq-hesab çəkmək üçün komissiya göndərilir. İşlərin bu cür yön aldığını görən Fərman Salmanov ekspedisiya ilə birgə gizli şəkildə Surquta qaçmağa qərar verir. Ancaq qarşıya çıxan əsas və həlli tələb olunan məsələ Ob çayı ilə min kilometrlərlə məsafəyə işçilərin və texnikanın daşınmasını təşkil etmək idi. Çay nəqliyyatının işçiləri bu işdə ona kömək edərək 7 barja və buksir gəmiləri ayırırlar. Fərman Salmanov təcili iclas keçirərək qarşıya qoyulan tapşırığı izah edir. O, ekspedisiyanın riskli olacağını deyərək heç kimi məcburən özü ilə aparmayacağını bildirir. 40 ailə onunla ekspedisiyaya yollanmağa qərar verir. Rəhbərlik isə öz növbəsində Fərman Salmanovdan partizan hərəkətlərinə son qoyaraq, dərhal bütün işləri dayandırmağı tələb edir. Onu işdən kənarlaşdırmaq istəsələr də, 40 ailədən ibarət komandası müdafiəsinə qalxaraq tətil edəcəklərini bəyan edirlər. Rəhbərlik sonda gərginliyi artırmamaq üçün Salmanovun dəstəsinin Sibirə göndərilməsi barədə keçmiş tarixlə əmr vermək məcburiyyətində qalır. Qazılan quyulardan ilk fontan 1961-ci lin 21 martında vurur. Hadisə Novruz bayramına təsadüf etdiyindən Fərman Salmanov üçün həmin gün ikiqat bayram olur. Quyunun gündəlik debiti 200 tona bərabər idi. Fərman müəllim bu hadisədən sonra öz opponentlərinə aşağıdakı məzmunda teleqram vurur: "Megion adlı ərazidə 2180 metr dərinlikdə 1 saylı quyudan neft fontan vurub. Hörmətlə, Fərman Salmanov". Sonra quyulardan bir-birinin ardınca neft fontan vurmağa başlayır. Bundan sonra isə ekspertlər ortaya Sibir neftinin Qərbi Avropaya necə nəql ediləcəyi sualını atırlar. Bu sualın cavabı olaraq Tümen gəmiqayırma zavodunda 20 nəhəng neftdaşıyan barja hazırlanır və 1964-cü ilin 27 mayında bu gəmilər vasitəsilə Sibir nefti neft emalı zavoduna çatdırılır. Onu da deyim ki, Fərman Salmanovun Sibirə qaçması barədə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında "Riskin strategiyası" adlı film də çəkilib və bu film ölkə kinoteatrlarında müvəffəqiyyətlə nümayiş olunub. Bir zamanlar çox yerdə danışırdılar ki, Sibir nefti plan üzərində qurulmuş sovet iqtisadiyyatına yeni güc verərək bu hakimiyyətin ömrünü ən azı iyirmi il uzatdı. Bundan başqa, ötən əsrin 70-ci illərində dünya yanacaq böhranı ilə üzləşmişdi və neftin qiyməti həddən ziyadə yüksək səviyyəyə çatmışdı. Həmin illər qara qızıl dünya bazarında başlıca sovet məhsulu idi və SSRİ Sibir neftinin satışından külli miqdarda valyuta əldə etmişdi. Planlı iqtisadiyyat süquta uğradıqdan və Sovetlər birliyi kimi nəhəng ölkə dağıldıqdan sonra Sibir nefti müasir Rusiya üçün həyat mənbəyi oldu. Bir dəfə Fərman Salmanovla xidməti otağında görüşərkən o, özünün tərtib etdiyi Rusiya xəritəsini bizə göstərmişdi. Bu, Rusiya ərazisirdə ehtimal olunan neft və qaz yataqlarının əks olunduğu xəritə idi. O, əlini Şimal dənizinin sahili boyunca, sonra Şərqi Sibir istiqamətində apararaq "Bax, bu yerlərdə çoxlu neft var" dedi: "Rusiya hədsiz dərəcədə zəngin ölkədir, təəssüf ki, hazırda neft və qazın kəşfiyyatı ilə məşğul olmurlar". Bundan bir xeyli sonra o, Rusiya prezidenti Vladimir Putinə məktub ünvanladı: "Hörmətli Vladimir Vladimiroviç! Ömrümün 40 ilini neft və qaz yataqlarının aşkar edilməsinə və kəşfiyyat işlərinin aparılmasına həsr etmişəm. Və bu gün də təbii ki, yanacaq-energetika kompleksində gedən prosesləri çox diqqətlə izləyirəm. Neftin hasilat səviyyəsi ilə müqayisədə il boyu ehtiyatların artımı 50-60 faiz civarında müşahidə olunur". F.Salmanov məktubun sonunda təklif edirdi ki, neft və qaz yataqlarını üzə çıxarmaq üçün axtarış və kəşfiyyat işlərinin aparılmasına maliyyə vəsaitini dövlət öz üzərinə götürsün. Yəqin, elə Şərqi Sibir də onun tövsiyəsi ilə canlandı.

mənbə:525.az