Kateqoriyalar
Linklər
Syndicate
RSS 2.0
Atom 0.3
Powered by

« | »

Nəcməddin Naxçıvani

2007-11-01 @ 15:14 in Tanınmışlar

        XIII əsrdə Azərbaycanda yaşamış görkəmli mütəfəkkirlərdən biri də Nəcməddin Naxçıvanidir (1253-cü ildə vəfat etmişdir). O, özünün fəlsəfə, tibb, məntiq və təbiət elmləri üzrə çoxsaylı əsərləri ilə bütün Yaxın Şərqdə şöhrət tapmışdır.

     Nəcməddin Naxçıvani haqqında tərcümeyi-hal səciyyəli mə'lumatlar demək olar ki, yoxdur. Yalnız alimin əsərlərinə şərh vermiş bir neçə orta əsrlər müəllifinin qeydlərində belə mə'lumatlara rast gəlmək mümkündür. Mütəfəkkirin Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən sayılan Naxçıvanda doğulduğu da həmin mənbələrdə öz əksini tapıb.

     Nəsirəddin Tusinin şagirdlərindən olmuş Qriqori Əbül-Fərəc əl-İbri özünün "Müxtəsər tarix əd-düvəl" ("Dövlətlərin qısa tarixi", XIII əsr) əsərin-də yazır ki, Naxçıvani dəqiq elmlər sahəsində dərin bilik sahibi idi. Fəlsəfə ilə öz vətənində tanış olmuşdu. Sonralar müxtəlif ölkələrə səyahətlər etmiş və nəhayət, Kiçik Asiyaya gələrək, burada yüksək adlara layiq görülmüşdür. Müəyyən səbəblər üzündən o, buradan Suriyaya getməli olmuşdur.

     Nəcməddin Naxçıvani ömrünü zahidliklə keçirir, evdən heç yerə çıxmır, dostlarını və şagirdlərini də evində qəbul edirdi.

     Naxçıvani İbn Sinanın çoxcildlik "Kanon" və "Göstərişlər və tə'limatlar" əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır. Həmin şərhlərdə o, hətta böyük alimi bir çox məsələlərdə tənqid də etmişdir. "Nəqd qəvaid-ül-işarat və kəşf təmvih əş-Şifa və ən - Nicat" (""Göstərişlər"dəki qaydaların pozulması və "Şifa" və "Nicat" üzərindən pərdələrin götürülməsi") adı altında toplanmış bu şərhlər orta əsrlərdə filosof və alimlər arasında şöhrət tapmışdı. 1282-ci ildə bu əsər yəhudi filosofu İbn Kamun İsraili tərəfindən elmi şəkildə təhlil olunmuşdur. Nəcməddin Naxçıvaninin digər bir əsəri də "Lübab-əl məntiq və xülasət əl - hikmə'dir ("Məntiqin mahiyyəti və fəlsəfənin xülasəsi") və bu əsərin İbn Kamun İsraili tərəfindən köçürülmüş əlyazma nüsxəsi Nəcəfdə saxlanılır.

     Alimin əsərlərinə həmçinin Parisdə və İstambulda da rast gəlmək olar.

     Tədqiqatçıların bə'ziləri belə hesab edirlər ki, Naxçıvani qədim yunan filosof və məntiqşünaslarının əsərlərinə də bir neçə şərh tərtib etmişdir.

     Nəcməddin Naxçıvaninin əsərləri uzun müddət Şərq universitetlərində dərslik kimi istifadə olunmuşdur.